ATƏT-in mətbuat azadlığı üzrə təmsilçisi Mikloş Harastinin bu vəzifədə çalışdığı 6 il sona çatır. Bu dövr ərzində yazıçı və 1976-cı ildə Macarıstanın Müxalifətçi Demokratik Hərəkatının təsisatçılarından biri olan Mikloş Harasti media hüquqları və jurnalistlərin təhlükəsizliyinin ardıcıl müdafiəçisi kimi fəaliyyət göstərib.Ələlxüsus, Mərkəzi Asiya və Qafqazda o mətbuata hücumların və məhdudlaşdırıcı qanunvericiliyə qarşı kəskin tənqidlərlə çıxış edib. Onun bu vəzifədə olduğu müddətin sonuna 1 gün qalmış Mərkəzi Asiya və Qafqaz xidmətinin redaktoru Firdevs Robinson onunla bu altı il ərzində nailiyyətlər barədə söhbət edib.
Onun Mikloş Harastiyə ilk sualı media məkanının sürətlə dəyişdiyi dövrdə mətbuat azadlığı üzrə təmsilçinin rolu və bu rolun 2004-cü ildən bəri necə dəyişdiyi barədə olub:
M.H.: Bu vəzifənin mahiyyəti dəyişməyib. Bu ofis dünyada media azadlığına nəzarət edən yeganə müstəqil, hökümətlərarası təsisatdır. Və ələlxüsus Şimal Yarımkürəsində Sakit Okeanın bir tayından o biri tayına uzanan 56 dövlət üçün. Bu təsisatın mövcudluğu bu 56 dövlətin demokratiyanın ən ümdə dəyərləri olan söz azadlığı və ədalət prinsiplərinə riayət etdiyini tərənnüm edir. Və bu ofis həmin 56 dövlətin xarici işlər nazirlərindən verilən mandat əsasında fəaliyyət göstərir.
BBC: Bu vəzifədə olduğunuz müddətdə siz mürəkkəb, məyusedici hətta faciəvi hadisələr və hallar, o cümlədən ürəkaçan hallarla da rastlaşmışsınız. Jurnalistlərin hakimiyyətlər tərəfindən senzura, təzyiqlərlərlə üzləşməsi təhlükəsi sahəsində vəziyyət siz bu işə başlayandan bəri nə dərəcədə dəyişib?
M.H.:Son 10 il ərzində, ələlxüsus, necə deyərlər, rəngli inqilablardan sonra bir sıra ölkələrdə, daha dəqiq desək, post-sovet olkələrində, söz azadlığı və mətbuat azadlığına qarşı baş verən təpkiləri inkar etmək sadəlövhlük olardı. Amma digər tərəfdən mən bədbin olmaq istəmirəm, çünki insan haqlarının müdafiəsi hərəkatının əm mühüm, ən parlaq qələbəsi və nailiyyətləri də danılmazdır. Bu mənada jurnalistlərin, qəzet redaktorlarının, mətbuat orqanlarının, yayım kanallarının salamat qalması, və vəziyyətin daha da pisləşməsinə imkan verilməməsi ən qiymətli nailiyyətlərdən biridir. Amma bununla yanaşı digər hallar - jurnalistlərin qətlə yetirilməsi, bu cinayətləri törədənlərin cəzalandırılmaması, jurnalistlərə qarşı zorakılıqlar - bu nailiyyətlərə kölgə salır. Lakin daha bir nailiyyət də odur ki, bu cür çətinliklərə baxamayaraq, ölkələr, siyasətçilər, ictimai birliklər, cəmiyyətlər milli qanunvericiliyin beynəlxalq standartlara və dəyərlərə uyğunlaşıdırılması məsələsini müzakirə etməyə məcbur olublar. Və buna tərəqqi kimi baxmaq olar.
BBC: Bunun hansısa nümunələrini göstərə bilərsinizmi?
M.H.:Mənim vəzifədə olduğum dövrdə jurnalist səhvlərinin kriminalizasiyası məsələsində həm Qərbdə, həm də Şərqdə müəyyən tərəqqi əldə edilib. Hətta jurnalist səhvlərini cinayət məcəlləsi ilə həll edən Azərbaycanda da bu sahədə vəziyyətin dəyşiməsi zərurəti etiraf olunub. Və orada defamasiya və böhtanın cinayət məcəlləsindən çıxarılması barədə rəsmi səviyyədə danışırlar. Rumıniya, İrlandiya və Britaniyada da bu maddələr bu ilin yanvarında cinayət məcəlləsindən çıxarılıb. Bir çox ölkələrdə, o cümlədən Balkan ölkələrində, bu vaxta qədər jurnalist cinayəti sayılan əməllərə görə artıq azadlıqdan məhrum etmirlər. Başqa bir tərəqqi nümunəsini elə Britaniyanın özündə göstərmək olar. Burada ən nüfuzlu ictimai yayımçı olan BBC rəqəmsal yayım dövrünə keçid ərəfəsində digər kommersiya kanalları ilə münasibətlərini tənzimləməsəydi rəqəmsal yayım dövründə çoxsaylı kanalların yaranacağı zaman həmin kommersiya kanalları sadəcə rəqabətə tab gətirməyərək bata bilərdi. Və bu sahədə BBC-də aparılan islahatlar modeli bu cür mürəkkəb məsələlərin həlli nümunəsidir. Bu islahatlar üzrəində digər ölkələrdə - Polşa, Almaniya və başqa ölkələrdə də ictimai yayımçılar işləyirlər.
BBC: Yayım və informasiya texnologiyaların son illər ərzində inkişafı, youtube, ictimai media vasitələrinin yaranması media azadlığı və hüquqları sahəsinə hansı təsir göstərib? Bunun hansı faydaları və problemləri ilə üzləşmək ehtimalı var?
M.H.:Bir tərəfdən bu, informasiyanın gizlədilməsini artıq mümkünsüz edir, istifadəçi eyni zamanda həm də xəbərin yaradıcısına çevrilir və bu heyrətamiz bir haldır. Digər tərəfdən, bu nailiyyət fraqmentasiyaya gətirir çıxarır və müxtəlif icitimai, siyasi diskussiyalarda balans və rasionallığın gözlənilməsində mətbuatın, prodüserlərin məsuliyyətini artırır və həm də qanunvericilər üçün müəyyən dilemma yaradır. Ona görə də,fikrimcə, mətbuatın demokratik rolunu necə deyərlər, internetin gətirdiyi aşırı demokratikləşmə, fraqmentləşmədən qorumaq üçün gələcəkdə mətbuat üçün interneti və ictimai media üçün interneti bir-birindən ayırmaq lazımdır. Və eyni zamanda bu da vacibdir ki, hökümətlər internetin həddən ziyadə tənzimləməsindən çəkinsinlər və internet məlumatlarının mahiyyətinin milli qanunvericiliklə tənzimlənə bilmədiyi hallara səbr və təmkinlə yanaşsınlar.










