Bu gün “Salamnews” İnformasiya Agentliyinin əməkdaşı Zülfüqar Xeyirxəbər Bakıdakı “Karvan” kafesində baş verən partlayış olayından
reportaj hazırlayarkən vəhşicəsinə döyülüb. İlkin verilən bilgilərə görə, peşə fəaliyyətini həyata keçirən jurnalist partlayış baş verən kafenin sahiblərinin hücumuna məruz qalıb. Şəxsiyyəti hələ dəqiqləşməyən iki şəxs Z.Xeyirxəbərə təpik-yumruqla çoxsaylı ağır zərbələr endiriblər. Nəticədə jurnalistin göz qapağı partlayıb, bədəni qançır olub. İlkin diaqnoza görə, jurnalist beyin
silkələnməsinə də məruz qalıb.
İctimai iaşə obyektində partlayış olayının baş verməsi toplumda maraq doğuran hadisədir. Hər bir jurnalistin belə hadisələrin təfərrüatlarını incələmə, onun hansı səbəblərdən baş verdiyini araşdırma, aidiyyəti olanlardan bilgi istəmə və s. haqqı var. Bununla yanaşı, hər bir ölkə vətəndaşı da belə bilgiləri vaxtında, ətraflı və doğru alma haqqına sahibdir, jurnalistlər məhz vətəndaşların bu haqqını təmin etmək vəsifəsini yerinə yetirirlər. Jurnalistin toplum qarşısındakı bu vəzifəsinin önəmi olay yerində çalışanların vəzifə və borclarının önəmindən heç də az deyil. Belə situasiyalarda jurnalistlərin hadisə yerinə daha yaxın olmalarına, hadisəni öz gözləri ilə izləyib və lentə almalarına, hadisə yerindəki əlaqəli şəxslərdən bilgi istəyib-almalarına şərait yaradılmalıdır.
Media Hüququ İnstitutu qeyd olunan ölçülərin nəzərə alınmamasını, bu azmış kimi jurnalist Zülfüqar Xeyirxəbərin vəhşicəsinə döyülməsini qətiyyətlə pisləyir. Topluma çatdırmaq üçün bilgi yığan jurnalistə qarşı yönələn bu olay ölkədə söz və ifadə azadlığına, xalqın bilmək haqqına, ən mühüm demokratik dəyərlərdən biri olan məlumat axtarmaq, almaq və yaymaq azadlığına çox ciddi zərbədir.
Media Hüququ İnstitutu jurnalistə hücum edənlərin Azərbaycan Konstitusiyasının, KİV haqqında, “İnformasiya əldə etmək” haqqında və s. qanunların, İnzibati Xətalar və Cinayət Məcəllələrinin ciddi pozuntusuna yol verdiklərini vurğulayır. Media Hüququ İnstitutu Z.Xeyirxəbərin vəhşicəsinə döyülməsi olayının cəzasız qalmayacağına, müvafiq dövlət qurumlarının gərəkən hüquqi addımları ataraq jurnalisti döyənləri ən qısa zamanda məsuliyyətə cəlb edəcəyinə ümid edir.










