» Azərbaycan       » English

  ƏSAS XƏBƏRLƏR
  BİZİ TANIYIN
  MEDİA BİZİM HAQQIMIZDA
  PRESS RELİZLƏR,
    BƏYANATLAR
  HÜQUQİ ŞƏRHLƏR
  HESABATLAR
  KİTABLARIMIZ
  BÜLLETENLƏRİMİZ
  QANUNLAR
  BİLGİ AZADLIĞI
  TELEKOMMUNIKASİYA
    DÜZƏNLƏNMƏSİ
  AZƏRBAYCAN
    MƏHKƏMƏLƏRİNİN
    QƏRARLARI
  AVROPA
    MƏHKƏMƏSİNİN
    QƏRARLARI
  DİGƏR ÖLKƏ
    MƏHKƏMƏLƏRİNİN
    QƏRARLARI
  QANUN LAYİHƏLƏRİNIN
    MÜZAKİRƏLƏRİ
  LAYİHƏLƏRİMİZ
  TƏRƏFDAŞLARIMIZ
  ƏLAQƏ VASİTƏLƏRİMİZ
  FOTO QALEREYA


BİZİMLƏ ƏLAQƏ

Tel/Faks: +994 (12) 441-28-17
Mob: +994 (55) 220-89-20
E-mail: xaled_yes[at]yahoo.com
Əlaqəli şəxs: Xalid Ağaliyev











24.12.2009
Media 2009-cu ildə

Azərbaycanda medianın hüquqi durumu (illik hesabatın xülasəsi)

Media Hüququ İnstitutu bu gün (24 dekabr) Media Mərkəzində Azərbaycanda medianın hüquqi durumu ilə bağlı İllik (2009) Hesabatını açıqlayıb. Təqdimat mərasiminə jurnalistlər, hüquqçular, jurnalist qurumları rəhbərləri, beynəlxalq qurumların Azərbaycandakı nümayəndəliklərinin təmsilçiləri qatılıblar.

Medianın hüquqi durumu ilə bağlı illik hesabatı MHİ-nin hüquqçuları Leyla Mədətli, Xalid Ağaliyev, Rəşid Hacılı hazırlayıblar. Hesabat Media Hüququ İnstitutunun ekspert və əməkdaşlarının 2009-cu ildə Azərbaycanda həyata keçirdiyi tədqiqatlara əsaslanır. Təqdiqatlar mövcud qanunvericiliyin analizini, mediada ifadə azadlığı ilə bağlı gündəlik hadisələr və məhkəmə proseslərinin monitorinqi və tədqiqini, müsahibələrin keçirilməsini, informasiya sahiblərinə yazılı sorğuların göndərilməsini, informasiya azadlığı ilə bağlı strateji məhkəmə işlərinin aparılmasını əhatə edib.  Media Hüququ İnstitutuna tədqiqatların aparılması və hesabatın hazırlanmasında Britaniya Xarici və Birlik ölkələri üzrə Nazirliyi (FCO) və Avropa Komissiyası dəstək verib.

Hesabatın bölmələr üzrə xülasəsi

mediaya qarşı fiziki və psixoloji basqılar:

2009-cu ildə media və jurnalistlər ən azı 49 dəfə fiziki və psixoloji basqıya məruz qalıblar. 41 jurnalist peşə fəaliyyətinə görə döyülüb, hədələnib. Fiziki basqıların böyük hissəsi tənqidçi xəbər mediasının nümayəndələrinə yönəlib. Belə basqılara həm adi şəxslər, həm də polis və digər dövlət qurumlarının nü­ma­yəndələri yol veriblər.

Media Hüququ İnstitutunun son 5 ildə apardığı araşdırmaların yekununa görə, jurnalistlərə qarşı 350-dən artıq basqı faktı baş verib. Bu faktlar sırasına jurnalistin öldürülməsi (“Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov), vəfat etməsi (“Yeni Müsavat” qəzetinin əməkdaşı Alim Kazımlı), ölümünə döyülməsi (“Bizim Yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev), oğurlanması (“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydn Quliyev) kimi ən qorxunc sonluqla bitən olaylar daxildir. 350-dən artıq basqı faktının yalnız 3-ü araşdırılıb, jurnalistlərə qarşı basqıya yol verənlər tapılıb cəzalandırılıblar. Hətta, həmin 3 araşdırmadan birinin (“Azadlıq” qəzetinin mühacirət etməyə məcbur olunmuş əməkdaşı Aqil Xəlilə qarşı sui-qəsd işi) ədalətli olmasına ciddi şübhələr var. Basqı hallarının ədalətli araşdırılma faizi 1%-dən də aşağıdır.

mediaya qarşı məhkəmə davaları:

2009-cu ildə mediaya qarşı mülki qaydada 39 iddia qaldırılıb. İddiaçılar mediya, jurnalistlərdən mə­­nəvi zərər əvəzi olaraq 2 900 000 (iki milyon doqquz yüz) AZN məbləğində təz­minat istəyiblər. Həmin iddiaların ümumilikdə 31-i qismən təmin olunub. Ötən illərlə müqayisədə bu məbləğ (20 000 AZN) daha yüngül olub. Məhkəmələr əksər hallarda medianın üzərinə mübahisə doğuran bilgiləri təkzib etmək, iddiaçılardan üzr istəmək vəzifəsi qoyub.

Mediaya qarşı xüsusi ittiham qaydasında (Cinayət Məcəlləsinin təhqir və böhtana görə məsuliyyət nəzərdə tutan 147 və 148-ci maddələri ilə) verilən şikayətlərin sayı 32 olub. Həmin şikayətlər əsasında 10 jurnalistə cinayət cəzası verilib.

bilgi əldə etmək hüququ:

2009-cu ildə bilgi sahibləri Media Hüququ İnstitunun göndərdiyi 202 yazılı sorğudan 58-nə cavab veriblər. Cavabların analizi göstərir ki bilgi sahibləri 202 sorğunun yalnız 16-nı qanunvericiliyin cızdığı çərçivələr daxilində icra ediblər. Bilgi əldə etmək hüququ müstəqil hüquq olmaqla yanaşı ifadə azadlığının əsas şərtlərindən biridir. 2005-ci ildə qəbul edilmiş “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu bilgi azadlığı ilə bağlı beynəlxalq standartlara uyğundur. Lakin qanunun tətbiqi təcrübəsi problemlidir.

teleradio yayımı:

2009-cu ildə yeni televiziya və radio kanalı yaradılmayıb. Cəmi 8 milli və 12 bölgə televiziya kanalı fəaliyyət göstərməkdədir. Yeni teleradio qurumlarının ortaya çıxmamasının əsas səbəbi Azərbaycanda teleradio yayımının lisenziyalaşdırılması sistemindəki ciddi problemlərdir.  Televiziya və Radio yayımı haqqında Qanunun tələblərinə zidd olaraq MTRŞ ölkədəki yayım üçün yararlı tezliklər siyahısını topluma açıqlamır. Tezlik resursları ilə bağlı bilgi sorğularını cavabsız qoyur.

2009-cu ildə də televiziya və radio kanallarında media azadlığı, plüralizmi təmin olunmayıb. Dövlət və ictimai televiziya kanallarına əlavə olaraq Azərbaycanda özəl televiziya kanalları müstəqil sayıla bilməz, çünki ölkədəki hadisələrin, xüsusilə də ictimai-siyasi xəbərlərin işıqlandırılması zamanı obyektivlik, ideoloji və siyasi plüralizm, tərəfsizlik və qərəzsizlik kimi prinsiplərə bir qayda olaraq əməl olunmayıb.

Azərbaycanda televiziya və radio yayımı sahəsində düzənləyici dövlət qurumu olan MTRŞ-nin fəaliyyəti göstərir ki, onun televiziya və radio yayımının ədalətli və peşəkar tənzimlənməsini həyata keçirməsi üçün istər Televiziya və Radio yayımı haqqında Qanunda, istərsə də televiziya və radiolarla iş təcrübəsində mütərəqqi islahatlar həyata keçirilməlidir. Azərbaycanın FM tezliyində yayımlanan Evropa+Bakı (Rusiya), “Azadlıq”, BBC və “Ameri­ka­nın səsi” radiolarının yayımı MRTŞ-nin qərarı ilə dayandırılıb. Azərbaycanda demokratik irəliləyişə mühüm töhfələri olmuş bu radioların gə­rəkli əsaslar olmadan çox geniş auditoriyası olan FM tezliklərindən inkişaf etməmiş, yaxın illər üçün aydın perspektivləri görünməyən internet, peyk yayımına və qısa dal­ğalara daşınması Azərbaycan toplumunun obyektiv, fərqli, qərəzsiz bilgilər əldə etmə haqqına zərbə vur­muş oldu.

çap mediasının durumu:

2009-cu il çap mediasının durumunda müsbət irəliləyişlər nəzərə çarpmır. Çap mediası bazarı gəlir gətirən sahəyə çevrilmək perspektivindən çox uzaqdadır. Bu sahəyə yatırım qoyulması faizi də yox səviyyəsindədir. Bütün ölkədə biznes siyasətdən tam olaraq asılı durumdadır. Bu üzdən hökumətin bəyənmədiyi yazılar verən, müxalif siyasi qüvvələrə yaxın olan qəzetlər basqılar altındadır. Təbii olaraq onların reklam almaq imkanları tükəndirilib.

Əsasən tənqidçi çap mediası ardıcıl basqılar altındadır. Bu sahəyə investisiya yatırımı yox səviyyəsindədir, tənqidçi mətbuatın reklam bazarından faydalanması imkanları tükəndirilib. Azərbaycanda ən geniş yayılan tənqidçi qəzetlərin tirajı 5000-10000 civarındadır, müstəqil və özəl mətbəə qıtlığı mövcuddur.

Çap mediasının əsas problemlərindən biri yayım infrastukturunun gəlişmiş olmaması ilə bağlıdır. Azərbaycanda cəmi 751 yayım məntəqəsi fəaliyyət göstərir. Onlardan 601-i köşk, 70-i market və ya yanacaqdoldurma məntəqəsidir. Səyyar satıcılar sayı isə 80-dir. 8.4 milyon əhalisi olan Azərbaycanda hər 11.000 insanın payına 1 yayım məntəqəsi düşür. Qonşu Rusiyada hər 3000 insana 1 yayım məntəqəsi düşür. Polşa, Almaniya, Macarıstan kimi ölkələrdə isə hər 500 vətəndaşa 1 yayım məntəqəsi düşür.

internet:

Azərbaycanda tənqidçi ənənəvi medianın basqılar üzündən öz funksiyalarını yerinə yetirmək imkanlarından böyük ölçüdə məhrum olması azad fikrin ifadə imkanlarının genişliyi baxımından internetin önəmini daha da artırıb. Ötən illərlə müqayisədə daha keyfiyyətli və kəmiyyətli veb resurslar (bloqlar, saytlar və sair) yaranmağa başlayıb. Sosial şəbəkələrdə müzakirələrin dərəcəsi ötən illərlə müqayisədə görünməmiş dərəcədə artıb.

2009-cu ili internetin Azərbaycana gəlişindən bəri bu sahədə baş verən irəliləyişlərin ən qabaqcıl dövrü hesab etmək olar. Artıq qanunvericiliyə görə informasiya sahibi sayılan qurumların əksəriyyəti özlərinin internet resurslarını formalaşdırıblar. Bu resurslar operativ informasiya mənbəyinə çevrilməkdən uzaq olsalar da artıq toplum arasında belə resurslardan faydalanmaq vərdişləri formalaşmaqdadır.

2009-cu il internetin qiymətində də ciddi irəliləyişlər əldə olunub. 2008-ci ildə 220 manatlıq sürətli internet xidmətini indi 46 manata əldə etmək mümkündür. Eyni zamanda Azərbaycanda internetin qiymətinin hələ də çox baha olduğu vurğulanmalıdır. Azərbaycanda internetin qiyməti Gürcüstan, Rusiya, Ukrayna, Türkiyə ilə müqayisədə ən azı 5 dəfə bahadır (Azərbaycan İnternet Forumunun hesablamaları).

tövsiyyələr:

Media Hüququ İnstitutu hökumətə 30-dan artıq tövsiyyə ünvanlayıb. Qurum həmin tövsiyyələrə əməl edilməsinin Azərbaycanda azad və peşəkar media üçün əlverişli ortam yaranmasına mühüm faydalar verə biləcəyini güman edir. Tövsiyyələrə görə, hökumət media, o cümlədən televiziya və radio düzənlənməsi ilə bağlı qanunvericilikdəki boşluqları doldurmağa yönəlik addımlar atmalıdır. Xüsusilə, nüfuzun qorunması, jurnalist qaynaqlarının gizliliyinin qorunması, maliyyə qaynaqlarının şəffaflığı, MTRŞ-nın müstəqilliyi, yayımın lisenziyalaşdırılması, AzTV-nin hökumət kontrolundan azad edilməsi, yeni yayım texnologiyaları və xidmətləri ilə əlaqəli qanunvericilik mövcud tələblərə və qabaqcıl standartlara uyğunlaşdırılmalıdır.  Nüfuzun qorunması (Defamasiya) haqqında və Jurnalistin bilgi qaynaqlarının gizliliyinin qorunması haqqında təklif edilmiş qanun layihələrinin müzakirə edilməsi və qəbul edilməsi təxirə salınmamalıdır.

Həbsdə olan baş redaktorlar (E.Fətullayev, Q.Zahid), jurnalistlər (M.Hüseynov, S.Əlibəyli, F.Allahverdiyev), bloqqerlərin (Emin Milli və Adnan Hacızadə) azad olunmalarının ifadə azadlığı mühitinə əvəzsiz sağlamlaşdırıcı təsirini nəzərə alaraq onların azad edilmələri təxirə salınmamalıdır;

Jurnalistlərə fiziki basqı hallarının böyük faizinin yetərincə araşdırılmaması praktikasını aradan qaldıran tədbirlər görülməlidir. Özəlliklə Elmar Hüseynovun ölümü, Üzeyir Cəfərovun, Aqil Xəlilin, Həkimeldostu Mehdiyevin, Emin Hüseynovun, Zamin Hacının, Əfqan Muxtarlının, İlqar Nəsibovun döyülməsi halları yetərincə araşdırılmalı, təqsirli şəxslərin məsuliyyətə cəlb olunması üçün tədbirlər görülməlidir;

Hökumət ictimai-siyasi mövzularda yazılar dərc edən qəzet və jurnalların, radio və televiziya yayımlarının (İctimai Yayım Xidməti istisna olmaqla) ictimai büdcədən maliyyələşməsinin qadağan olunması barədə qərar verməlidir;

Hökumət bütün qəzet və jurnallarda, online mediada, eləcə də həm ictimai yayım xidmətlərində (o, cümlədən AzTV), həm də kommersiya yayımçılarında çalışan peşəkar jurnalistlərin sosial və işçilik haqlarının təmin olunmasına yönəlik tədbirlər həyata keçirməlidir.

Hesabatda həmçinin ayrı-ayrı media sahələrinə yönəlik spesifik tövsiyyələr yer alıb.

AXTARIŞ SİSTEMİ


« AVQUST 2010
Be Ça Çr Ca Şb Bz
 01
02030405060708
09101112131415
16171819202122
23242526272829
3031 


Dövlət qurumlarının internet saytlarından istədiyiniz bilgini əldə edə bilirsinizmi?

Bəli, saytların bilgi ehtiyatı məni qane edir
Xeyr, saytlarda bilgi var ki?
Dövlət qurumlarının internet saytları məni maraqlandırmır
Cavab verməyə çətinlik çəkirəm

Nəticələr


DOST SAYTLAR


2006-2010 ©
Copyright by Media Rights Institute

NUR D